AZƏRBAYCAN » İQTİSADİYYAT
20 Fevral 2016, 12:06 (GMT +4)

Dövlət büdcəsi Azərbaycan şirkətlərinin köməyi ilə 40 milyon manata qənaət edə bilər - SINAM prezidenti

Bakı, 20 fevral, SalamNews. "Dövlət büdcəsi Azərbaycan şirkətlərinin köməyi ilə 40 milyon manata qənaət edə bilər Dövlət satınalmalarında, investisiya təşviqində və ixracın subsidiyalaşdırılması istiqamətində atılan addımlar yerli şirkətlər üçün yeni perspektivlər açır".

SalamNews-un məlumatına görə, bu barədə Azərbaycanın SINAM şirkətinin prezidenti Elçin Əliyev bildirib.

Onun sözlərinə görə, müxtəlif sahələrdə yerli şirkətlər müasir istehsal qurub və xarici mallarla və xidmətlərlə uğurla rəqabət apara bilərlər. Bu, xüsusən də yüksək texnologiyalar sahəsində özünü daha qabarıq şəkildə biruzə verir. Yerli şirkətlərimiz Avropa, Asiya, Afrika bazarlarında müxtəlif layihələr həyata keçirirlər. Onların imkanlarının Azərbaycanda daha geniş istifadə olunması iqtisadiyyata birbaşa dəstəklə yanaşı, dövlət büdcəsinə qənaət etməyə imkan yaradar. Azərbaycan şərkətlərinin də layihələrdə güclərini birləşdirərək konsorsium halında çıxış etməsi çox təqdirəlayiq hadisədir. Artıq Azərbaycan şirkətləri həm ölkə daxilində, həm də xaricdə müxtəlif layihələrdə birgə çıxış edir, daha böyük layihələrdə qələbə qazanmaq üçün şanslarını artırırlar. SINAM şirkəti də mürəkkəb layihələrdə digər yerli təcrübəli tərəfdaşlarla birgə iştirak etməyə üstünlük verir.

Belə layihələrdən biri də torpaqların elektron kadastrının hazırlanması layihəsidir. Hazıda bu tenderdə,müsabiqənin predmeti sahəsində böyük təcrübəyə və texniki imkanlara malik ən qabaqcıl Azərbaycan şirkətlərindən ibarət olan “SİNAM - Datum - Azərkosmos” konsorsiumu iştirak edir.

“Zənnimcə, "Azərkosmos"u ayrıca təqdim etməyə ehtiyac yoxdur, SINAM və DATUM şirkətləri isə CİS və xəritəçəkmə sahəsində həm Azərbaycanda, həm də xaricdə uğurlu layihələri ilə tanınmış şirkətlərdir. Məsələn, biz, SINAM olaraq Azərbaycanın rəqəmsal xəritəsini, Gürcüstanın naviqasiya xəritəsini, Əfqanıstanın paytaxtı Kabil şəhərinin ünvan reyestrinin metodologiyasını hazırlamışıq. Konsorsiumun digər iştirakçısı olan Datum şirkəti Azərbaycanda torpaq kadastrı sahəsində müxtəlif layihələr, o cümlədən, Gəncə şəhərinin torpaq kadastrını yaratmışdır.
Bizim maliyyə təklifimiz xarici iştirakçıların ən ucuz təklifindən 2,8 dəfə azdır. Çünki biz qiymət təklifini formalaşdıranda hazırki iqtisadi durumu, enerji daşıyıcılarının qiymətləri ilə baglı dövlət büdcəsinin vəziyyətini də nəzərə almışıq. Əgər mütləq rəqəmlərlə söyləsək, qiymətimiz başqa ən ucuz təklifdən 40 milyon manat ucuzdur. Lakin bununla belə, bizim qiymət təklifində əməkdaşlar üçün kifayət qədər yüksək maaşlar və keyfiyyətli mal-materiallardan istifadə nəzərə alınmışdır.

Əmin ola bilərsiniz ki, biz tenderdə qalib gəlsək, tapşırığı tam formatda və həmişə olduğu kimi yüksək peşəkar səviyyədə yerinə yetirəcəyik və bununla dövlət büdcəsindən 40 milyon manata qənaət olunacaq.

Əgər bu praktika Azərbaycanda keçirilən başqa tenderlərdə də tətbiq olunarsa, dövlət büdcəsində hər il külli-miqdarda vəsaitə qənaət olunar və bu maliyyə, ixracın subsidiyalaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə yönəldilə bilər”, - deyə E.Əliyev qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri ayrı-ayrı sahələrdə xarici rəqiblərindən peşəkarlıq səviyyəsinə görə heç də geri qalmır. Son illər ərzində ölkədə peşəkarlığı ilə seçilən onlarla şirkət formalaşmışdır və uğurla xarici bazarlara yol tapmışdır. Məsələn, SINAMşirkəti rəqabət potensialını artırmaq üçün mütəxəssislərinin bilik səviyyəsinin daim artırılması ilə ciddi məşğul olur, həm də lazım gəldikdə kənar ekspertlərin, eyni zamanda beynəlxalq ekspertlərin cəlb edilməsi praktikasından istifadə edir. SINAM-ın da mütəxəssisləri beynəlxalq layihələrdə, məsələn, Mərkəzi Asiyada, Əfqanıstanda Türkiyədə keçirilən layihələrdə ekspert qismində iştirak edirlər.