AZƏRBAYCAN » CƏMİYYƏT
03 Yanvar 2018, 12:01 (GMT +4)

Gəncədə Qəmbər Hüseynlinin abidəsi ucaldılıb

Gəncə,  3 yanvar, SalamNews, B.İsmayılov. Gəncədə yeni yaradılmış Filarmoniya bağında bəstəkar Qəmbər Hüseynlinin abidəsi ucaldılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov, bəstəkarın oğlu Nəsimi Hüseynli, qohumları və şəhər ictimaiyyəti bəstəkar Qəmbər Hüseylinin abidəsinin açılışında iştirak ediblər.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev abidənib rəsmi açılışını edib. Şəhər rəhbəri incəsənət sahəsində əldə olunun nailiyyətlərindən danışıb, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  mədəniyyət sahəsində aparılan işlərin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.

Bəstəkarın oğlu Nəsimi Hüseynli tədbir iştirakçılarını salamlayaraq, İlham Əliyevin sərancamı əsasında Qəmbər Hüseynlinin 100 illiyinin qeyd olunduğunu deyib. O, atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından ölkə rəhbərinə və onun xanımına minnətdarlığını bildirib.

Xatırıadaq ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın “Cücələrim” mahnısı dünyanın 148 xalqının dilinə tərcümə edilib.