|
Ukraynanın Azərbaycandakı səfiri bəyanat yayıb16 İyun 2015, 12:10 (GMT +4) Bakı, 16 iyun, SalamNews, A.Bayramova. "Bu gün biz “Haqqin.az” Analitik-İnformasiya və monitorinq portalının rəhbərliyinin ictimai düşüncənin manipulyasiyası, faktların əyilməsi, açıq yalanla hadisələrin həddindən artıq burulması vasitəsilə Ukrayna və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə aid hər şeyi nüfuzdan salmaq məqsədilə məqsədyönlü kampaniya apardığının şahidi olduq."
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun SalamNews-a verdiyi məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, yalnız son müddət ərzində “Haqqin.az” internet-portalı üç dəfə Ukrayna, Ukrayna rəhbərliyi, Ukraynanın Azərbaycandakı Səfirliyi və xüsusilə də, Ukrayna diplomatik missiyasının başçısı barədə qəsdən doğru olmayan məlumat dərc etmişdir. Səfirlik bütün bu çıxışlara müvafiq olaraq öz şərhlərini, təkziblərini verir və istisna olaraq obyektivliyə əsaslanacaq konstruktiv dialoq təklif edib: “Qeyd etmək istərdim ki, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin heç bir materialı “Haqqin.az” Analitik-İnformasiya və monitorinq portalında dərc olunmadı, bu da jurnalistikanın başlıca prinsiplərinə ziddir, çünki oxuculara hər-hansı hadisənin real mənzərəsini yaratmağa imkan yaradılmır. İctimai rəyin formalaşdırılması kontekstində mətbuat üçün yaradılan imkandan sui-istifadə faktı göz qabağındadır.
Həmçinin, onu da qeyd etmək istərdim ki, cari ilin fevral ayında “Haqqin.az” Analitik-İnformasiya və monitorinq portalının rəhbərliyinə “Haqqin.az” internet-portalı üçün Ukraynanın Azərbaycandakı Səfiri ilə müsahibə hazırlamaq təklifi edilmişdir. Yeganə şərtim o oldu ki, “Haqqin.az” Analitik-İnformasiya və monitorinq portalı bu müsahibənin mətnini öz mülahizəsinə görə redaktə etməyəcəkdir. Gördüyünüz kimi, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin təklifi “Haqqin.az” internet-portalının baş redaktoru tərəfindən dəstək almamış və bu gün qədər həyata keçirilməmişdir. Bu da “Haqqin.az” Analitik-İnformasiya və monitorinq portalının planlarına Ukrayna mövzusunu obyektiv şəkildə işıqlandırmağın daxil olmadığından xəbər verir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, obyektivlik göstərməyinizi və bir gün əvvəl Sizin KİV-nə göndərilən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin 14 iyun 2015-ci il tarixli Bəyanatını ixtisar edilmədən tam şəkildə dərc etməyinizə dair Sizə xahişlə müraciət edirəm. Yalnız bu halda Azərbaycan oxucusu hər iki tərəfin mövqeyini əldə edəcək və harada obyektivlik və düzgünlüyün, harada isə yalan və uydurmanın olduğuna özü qərar verəcəkdir."
|