Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib17 Mart 2017, 17:37 (GMT +4) Bakı, 17 mart, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
QMİ-nin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, təbrikdə Novruzun qədim tariximizdə özəl yeri və önəmi olan xalq bayramı olduğu qeyd edilir.
Vurğulanır ki, Ulu Yaradan Novruzda Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir, xəlq etdiklərinin ən alisi olan insana təbiətlə vəhdət səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini, ülviliyini daha da artırır.
“Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibah yolunu ürəkdən dəstəkləyir”, - deyə şeyxülislam Allahşükür Paşazadə təbrikində bildirib.
Təbrikdə qeyd edilir ki, Ulu Öndərin xeyir-duası ilə başlanmış ali mənəviyyat yolunun, əlhəmdülillah, davam etdiyi, multikultural dəyərlər ölkəsi Azərbaycanda bu il “İslam Həmrəyliyi İli” qeyd olunur. İslam dəyərlərinə ehtiramı ilə seçilən ölkəmizdən dünyaya, bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik ismarıcları səslənir. Milli-mənəvi irsimizə, ümumbəşəri dəyərlərə hər zaman himayə nümayiş etdirən Mehriban xanım Əliyevanın Novruz ərəfəsində Azərbaycanın Birinci vitse-prezidenti məqamına layiq görülməsi xalqımıza əsl Novruz müjdəsi, bahar hədiyyəsi oldu. Xalqımız Azərbaycan üçün, inşallah, xeyirlərə vəsilə olacaq bu təyinata görə dövlət rəhbərimizə minnətdardır.
Allahşükür Paşazadə təbrikini bu sözlərlə bitirib: “Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy bu Novruz bayramı Azərbaycan xalqı üçün mübarək olsun!”.
|