Bakıda Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir05 May 2017, 11:41 (GMT +4) Bakı, 5 may, SalamNews, Ş.Nəzərli. Bakıda Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin Egey Universitetinin Ədəbiyyat fakültəsinin coğrafiya bölməsinin birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günlərinin son tədbiri keçirilir.
SalamNews xəbər verir ki, tədbir günlərində Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycanın xarici siyasətinin prioritetləri, Azərbaycan və Türkiyə coğrafiyasında aparılan elmi tədqiqatların istiqamətləri barədə müzakirələr aparılıb, “dəyirmi masa” keçirilib, elmi məruzə və müzakirələrlə öz işini davam etdirib.
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək bu tədbirin gələcək birgə fəaliyyət və elmi tədqiqatlar üçün stimul olduğunu vurğulayıb. Coğrafiya İnstitutunu yaratmağın görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun ən böyük arzularından biri olduğunu bildirib. Qeyd edib ki, Türk dünyası çox böyük məkandır və burada fəaliyyət göstərməyə geniş imkanlar var.
Tədbirdə “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində təzahürləri”, “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti”, “Türkiyənin miqrasiya sistemində dəyişən mövqeyi”, “Türkiyə və yaşam tərzi”, “Türkiyədə tibbi coğrafi araşdırmalar”, “Yaradıcı turizm və Türkiyə” və digər mövzularda maraqlı məruzələr dinlənilib.
Tədbir iştirakçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səfər ediblər.
Bu gün Qobustan Dövlət Tarix-Bədii Qoruğunda təşkil olunacaq görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi olunacaq.
|