Ən az mobil meqabayt istifadə edən messencer məlum olub09 May 2017, 15:43 (GMT +4) Bakı, 9 may, SalamNews, C.Nəzərov. İtaliyanın “SosTariffe” operatoru ən məşhur messencerlər arasında trafik istehlakı statistikasını öyrənib. Məqsəd onlardan hansının ən az mobil meqabayt tələb etdiyini öyrənmək olub.
SalamNews-un Macdigger.ru-ya istinadla verdiyi xəbərə görə, müqayisədə yeddi messencer iştirak edib (WhatsApp, Telegram, Hangouts, Line, Viber, Facebook Messenger və Skype).
Ekspertlər LTE (4G) şəbəkələrindən istifadə əsasında 1 saat ərzində sınaq keçiriblər. Nəticə isə belədir: ən az trafik işlədən “Telegram”-dır, halbuki "Skype" və "Messenger" ən israfçı messencer olublar.
Sınaqlar üç istifadə rejimində aparılıb:
Az: 20 göndərilən və 20 daxil olan ismarıc, 5 göndərilən və 2 daxil olan foto.
Orta: 40 göndərilən və 40 daxil olan ismarıc, 10 göndərilən və 5 daxil olan foto.
Yüksək: 100 göndərilən və 100 daxil olan ismarıc, 50 göndərilən və 20 daxil olan foto.
Aşağıdakı cədvəldən də göründüyü kimi "Telegram" "WhatsApp"-ı geridə qoyub. "Telegram" istifadə edilən 1 saat ərzində 0,42 MB-dən 3,75MB-yə qədər mobil trafik istehlak edib, bu, "Facebook" messencerindən 35-40% azdır.
Digər tətbiqetmələrdən istifadə 1 saata 0,65 MB-dən 6,23 MB-yə qədər mobil trafik istehlak edən "WhatsApp"-dan baha başa gəlir.
"Hangouts" və "Line" xidmətləri "WhatsApp"-la müqayisədə 6-18% çox trafik tələb edirlər. Lakin "Line" ən aktiv rejimdə 5,85 MB istehlak etdiyi halda, "WhatsApp"-da eyni göstəricidə istehlak səviyyəsi 6,23 MB-dir.
1 saat ərzində "Viber" 1,56 MB-dən 15,25 MB-yə qədər, "Facebook" və "Skype" isə 2,05 MB 22,22 MB-yə qədər istehlak edir.

|