Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

M.V.Lomonosov adına MDU-nun Bakı filialında yeni “Atom və nüvə fizikası” laboratoriyası yaradılıb

11 Noyabr 2017, 16:55 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru akademik Nərgiz Paşayeva MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun Filiala gəlmiş alimləri ilə görüşüb.

SalamNews xəbər verir ki, nüvə fizikası sahəsində aparıcı alimlər - MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, MDU-nun fizika fakültəsinin ümumi nüvə fizikası kafedrasının dosenti Yevgeni Şirokov və Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko Filialda yeni “Atom və nüvə fizikası” laboratoriyasının işinin təşkil edilməsi üçün Bakıya gəliblər.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin D.V.Skobeltsın adına Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu (MDU ETNFİ) MDU-nun ən iri elmi-tədqiqat institutlarından biri, universitetin fizika fakültəsinin tələbə və aspirantlarının nüvə fizikası, atom fizikası və kosmos fizikası istiqamətləri üzrə hazırlanması üçün bazadır. MDU ETNFİ universitetin təhsil prosesinə inteqrasiya olunmuş, Rusiyada və xaricdə tanınmış elm-təhsil mərkəzidir. Bu inteqrasiya MDU-nun fizika fakültəsinin Nüvə Fizikası Bölməsi (NFB) ilə ETNFİ-nin əlaqələri sayəsində həyata keçirilir. MDU ETNFİ və universitetin fizika fakültəsinin Nüvə Fizikası Bölməsi mahiyyət etibarilə vahid elmi-pedaqoji kollektivdir.

1945-ci ilin sonlarında akademiklər İ. Kurçatov və D.Skobeltsın MDU-da sovet atom layihəsi çərçivəsində aparılan işlər üçün nüvə fizikası üzrə mütəxəssislər hazırlanması məqsədilə elmi-tədris mərkəzinin təşkil olunması təşəbbüsü ilə çıxış ediblər. Burada təhsil mərkəzin özünün müasir elmi-tədqiqat bazası əsasında elmi iş ilə əlaqələndirilməli idi.

1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin xüsusi qərarının icrası məqsədilə Moskva Universitetində Atom Nüvə Fizikası İnstitutu təşkil edildi. 1957-ci ilə qədər həmin institut açıq sənədlərdə “MDU-nun ikinci elmi-tədqiqat fizika institutu” (MDU ETFİ-2) adlanırdı. 1957-ci ildə MDU ETFİ-2-nin adı dəyişdirilərək Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu adlandırıldı. 1993-cü ildə MDU ETNFİ-yə onun banisi akademik D.Skobeltsının adı verildi.

Hazırda MDU ETNFİ nüvə fizikası tədqiqatları və elmi kadrlar hazırlanması üzrə iri mərkəzdir. Mərkəzin 400-ə yaxın elmi əməkdaşından 98-nin elmlər doktoru, 275-nin elmlər namizədi alimlik dərəcəsi, 46 elmlər doktorunun professor elmi rütbəsi var.

İnstitutun əməkdaşları 90 hökumət təltifinə layiq görülüblər. İnstitutun alimləri tərəfindən qeydiyyata alınmış 12 kəşf edilib, 225 monoqrafiya, 350 dərslik və dərs vəsaiti, 150 elmi-kütləvi və informasiya xarakterli nəşrlər dərc olunub.

ETNFİ-nin və NFB-nin mövcud olduğu illər ərzində onların bazasında 5700-dən çox mütəxəssis hazırlanıb, onlardan 1500-dən çoxu namizədlik, 500-dən çoxu doktorluq dissertasiyaları müdafiə ediblər. NFB-nin məzunları nüvə sipərinin yaradılması, nüvə fizikası, kosmos fizikası, yüksək enerjilər fizikası, atom fizikası, nanofizika, kvant elektronikası sahələrində fundamental tədqiqatların hərtərəfli inkişafına layiqli töhfə veriblər. NFB-nin məzunları arasında Rusiya Elmlər Akademiyasının 21 akademiki və 21 müxbir üzvü var.

Bakı filialı MDU-nun fundamental və təbiət elmləri üzrə fakültələri açılmış ilk filiallarından biri olub. 2016-cı ildən Filialda fizika fakültəsi fəaliyyət göstərir. Bu il fizika fakültəsinə ikinci dəfə qəbul keçirilib. Bu qəbul M.V.Lomonosov adına MDU-nun Bakı filialında bu ixtisasa marağın sürətlə artmasını göstərdi.

Hazırda fakültədə dörd tədris laboratoriyası: “Mexanika”, “Molekulyar fizika və termodinamika”, “Optika” və “Elektrik və maqnetizm” laboratoriyaları uğurla fəaliyyət göstərir.

Fizika fakültəsində sayca beşinci – atom və nüvə fizikası laboratoriyasının yaradılması üzrə işlər cari ilin yanvar ayından başlayıb. “Atom və nüvə fizikası” laboratoriyası üçün bütün avadanlıq artıq Filiala gətirilib və yaxın günlərdə istifadə üçün hazır olacaq. Gələn il isə yeni laboratoriyada praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur. MDU-nun Bakı filialının fizika fakültəsində yeni laboratoriyaların yaradılması və onların təchizatı üzrə işlər daim davam edir. Məsələn, bu il sayca altıncı – “Radioelektronika” laboratoriyası üçün avadanlıq alınması nəzərdə tutulur.

Görüşdə çıxış edən akademik Nərgiz Paşayeva qeyd edib ki, Filialda fizika fakültəsinin açılması, habelə yeni tədris və elmi laboratoriyaların yaradılması təkcə bu ali məktəbdə deyil, bütün Azərbaycanda fundamental elmlərin inkişafının yeni və çox vacib mərhələsidir. Bu, MDU-nun Bakı filialının Azərbaycanda həm qabaqcıl tədris müəssisəsinə, həm də elmin fundamental istiqamətləri üzrə elmi-tədqiqat mərkəzinə çevrilməsinə imkan verib.

Qeyd edilib ki, M.V.Lomonosov adına MDU-da fəaliyyət göstərən tədris və elm bölmələri eyni bir struktur daxilində birgə tədris fəaliyyətinin və elmi-akademik fəaliyyətin uğurlu nümunəsidir. Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu (ETNFİ), həmçinin Şternberq adına Dövlət Astronomiya İnstitutu (DAİŞ) MDU-nun fizika fakültəsi ilə bağlı struktur vahidləridir. MDU-nun mexanika-riyaziyyat fakültəsinin tərkib hissəsi olan Mexanika İnstitutunun da adını çəkmək olar. Universitetlərdən ayrılıqda fəaliyyət göstərən fizika üzrə mərkəzlər, bir qayda olaraq, fizika fakültələrinin nəzdində yaradılır. Məsələn, MFTİ (Fizika-Texnika İnstitutu) və MİFİ (Mühəndis-Fizika İnstitutu) MDU-nun fizika fakültəsi tərəfindən yaradılıb.

Görüşdə qeyd edilib ki, dünya tarixində fizika bir fundamental elm kimi ilk növbədə məhz universitetlərdə, fizika fakültələrinin kafedralarında inkişaf edib. Görüş iştirakçıları bir məqama diqqəti cəlb ediblər ki, fizikaya ən yaxın və onun üçün zəruri olan elm, əlbəttə, riyaziyyatdır. Eyni sözləri fundamental kimya haqqında da demək olar – bu elm fizikaya kifayət qədər yaxındır. Buna görə də söhbət zamanı qeyd edilib ki, MDU-nun Bakı filialı Rusiya və Azərbaycan alimləri üçün birgə tədqiqatlar mərkəzinə çevrilib. Bu mərkəz fizika, kimya və riyaziyyat sahəsində fundamental elmi istiqamətləri əhatə edir. Vurğulanıb ki, bütün bunlar tələbələrin, magistrantların, aspirantların və gənc alimlərin daha da inkişaf etməsinə və irəliləməsinə şərait yaradacaq. Çünki bu, elmi araşdırmalar və tələbələrin öyrədilməsi prosesini optimal şəkildə əlaqələndirməyə imkan verəcək.

Akademik Nərgiz Paşayeva qeyd edib ki, Bakı filialında həm humanitar, həm də fundamental elmlər sahəsində gənc tədqiqatçıların elmi potensialının artırılmasına xüsusi diqqət yetirilir. Artıq üçüncü ildir ki, MDU-nun rəhbərliyi Filialın məzunlarının Moskva Dövlət Universitetinin əyani aspiranturasında pulsuz təhsil almaları üçün yerlər ayırır və bizim ilk aspirantlar Filialın kimya və riyaziyyat fakültələrinin məzunları olublar. Bakı filialı lap əvvəldən çətin yol seçib – burada hazırda çox populyar olan beynəlxalq hüquq, yurisprudensiya və başqa ixtisaslar və istiqamətlər açmaq əvəzinə humanitar ixtisaslarla yanaşı, dəqiq elmlər üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Rektor vurğulayıb ki, Filialın qarşısında duran digər çətin məsələlərlə bərabər, müxtəlif müasir elmi laboratoriyaların yaradılması və onların bütün zəruri avadanlıqla təchiz edilməsi ilə bağlı işləri də qeyd etmək lazımdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Filial bundan sonra da öz fəaliyyətini məhz bu istiqamətdə davam etdirmək və gələcəkdə yeni ixtisasların, fakültələrin və elmi laboratoriyaların açılması üçün imkanlar tapmaq niyyətindədir, ona görə ki, bu Universitet əsl elm və təhsil xəzinəsidir.

Filialın rektoru Nərgiz Paşayeva deyib: “Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi ikinci ildir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, bu, elm aləmində böyük hadisədir və fizika fakültəsinin fəaliyyəti özlərini fundamental elmlərə həsr edəcək mütəxəssislər üçün böyük elmi spektr, geniş imkanlar yaradır. Bizim bugünkü qonaqlarımız Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun əməkdaşlarıdır. Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu çox məşhurdur. Görkəmli alimlər – akademik Kurçatov və akademik Skobeltsın hələ 1945-ci ildə bu nadir institutun yaradılması təşəbbüsü ilə çıxış ediblər. Nüvə fizikası fundamental elmdir, müasir elmi təfəkkürün ən qabaqcıl istiqamətidir. Bu mənada bugünkü tədbir böyük elmi hadisədir. Biz fizika fakültəsində üçüncü kursdan nüvə fizikası üzrə tədrisin proqram hissəsinə başlayırıq. Biz artıq proqramın bu hissəsi başlanana qədər müvafiq tədris laboratoriyalarının yaradılması üzrə böyük iş aparmışıq, çünki tədqiqatlar praktikada öz əksini tapmalıdır. Bu gün biz daha bir çox mühüm fundamental laboratoriyanın – “Atom və nüvə fizikası” laboratoriyasının əsasını qoyduq. Bu gün biz nikbinliklə deyə bilərik ki, fundamental elmlər cəmiyyətdə yenidən öz layiqli yerini tutub. Bizim gənclər, tələbələr böyük maraq və təşəbbüskarlıq göstərirlər, çünki bu böyük və gözəl dünyamızı yalnız elm öyrənir. Elmin gücü sayəsində bəşəriyyət bu dünyanı addım-addım dərk edir. Fizika da bu sahədə möhtəşəm və fundamental elmlərdən biridir”.

Filialın qonaqları - M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, dosent Yevgeni Şirokov və Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko bu görüşə və ətraflı söhbətə görə rektor, akademik Nərgiz Paşayevaya təşəkkürlərini bildirərək qeyd ediblər ki, Filial mövcud olduğu dövrdə M.V.Lomonosov adına MDU ilə birlikdə yüksək ixtisaslı kadrların hazırlanması və fundamental elmi araşdırmaların aparılması sahəsində böyük təcrübə toplayıb. Onlar yeni yaradılan tədris laboratoriyası ilə əlaqədar xüsusi vurğulayıblar ki, hazırda MDU-nun fizika fakültəsində də bu cür eksperimentlər keçirilir, lakin Bakı filialının aldığı avadanlıq daha müasir, daha mükəmməldir.

Bütün bunlar MDU-nun lider mövqeyi tutduğu bütün istiqamətlər üzrə tədqiqatlar spektrinin və elmi kadrlar hazırlığının daha da inkişaf edəcəyinə ümid bəsləməyə əsas verir. Xüsusi qeyd edilib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan və Rusiya alimlərinin fizika, kimya və riyaziyyat sahələrində əməkdaşlığı üçün yaxşı bir məkana çevrilib.

M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, dosent Yevgeni Şirokov deyib: “Mən MDU-nun bir neçə filialında olmuşam və qeyd etmək istərdim ki, Bakı filialı mənə ən xoş təsir bağışlayıb. Bu, həqiqətən müasir təhsil mərkəzidir, laboratoriyalar ən yüksək səviyyəli avadanlıqla təchiz olunub, tələbələr ən qabaqcıl metodika üzrə təhsil almaq və gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq imkanına malikdirlər. Bütün bunlar Filialın rektoru akademik Nərgiz Paşayevanın sayəsində mümkün olub. Mənim səfərimin məqsədlərindən biri atom və nüvə fizikası kimi ən müasir istiqamətlə bağlı olan yeni tədris laboratoriyasını istifadəyə verməkdir. Bu laboratoriya müasir elmin yarısı və tələbələr üçün bir növ körpüdür. Hələlik tədris vasitələri əsasında öyrənən bu tələbələr gələcəkdə uğurlu elmi fəaliyyətlə məşğul ola biləcəklər. Mənim fikrimcə, fizika fakültəsinin yüksək səviyyədə təchizatı həm də fənlərarası mövzular üzrə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi üçün çox yaxşı imkan yaradır. Bu gün belə fəaliyyət çox populyardır, yəni, kimya və riyaziyyat sahələri ilə də bağlı olan sintez aparmaq mümkündür. Hesab edirəm ki, məsələyə bu cür yanaşdıqda, ona bu cür münasibət bəslədikdə həm laboratoriya yaratmaq, həm də fundamental elmlər sahəsində məşğələlər üçün kadrlar hazırlamaq olar”.

M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko deyib: “Biz Bakıya Moskva praktikasını Filialda tətbiq etmək üçün gəlmişik, lakin burada bu işlər tamamilə yeni bazada, ən müasir qurğularda həyata keçirilir. Buna görə də biz təkcə atom və nüvə fizikası laboratoriyasının yaradılmasında öz təcrübəmizi sizə verməklə kifayətlənmək istəmirik, bizdə, MDU-da olmayan, Filialda isə mövcud olan müasir tədris avandanlığı ilə tanış olmaq bizim özümüz üçün də çox maraqlıdır, bizdə tədris şəraiti bir qədər fərqlidir. Burada işləmək bizim üçün çox maraqlıdır. Ümid edirik ki, bu laboratoriya tezliklə işə düşəcək və Bakı filialının tələbələri elmin müasir istiqamətlərini mənimsəyə biləcəklər. Filialın tələbələrinin və gələcək aspirantlarının, elmi əməkdaşlarının MDU-da aparılan elmi tədqiqatlara cəlb edilməsi də bizim üçün çox maraqlı mövzudur. Ona görə ki, Moskva Universitetinin çox böyük beynəlxalq əlaqələri, dünyanın ən iri elmi mərkəzlərində nümayəndəlikləri var və biz ümid edirik ki, Bakı filialında inkişaf etdirilən təhsil forması tələbələri və aspirantları böyük elmə cəlb edə biləcək, MDU ilə birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

Xatırladaq ki, Filialda tədris prosesi MDU-nun tədris proqramlarına müvafiq surətdə təşkil edilib. Belə ki, tələbələr ilk iki il yarım ərzində “Ümumi fizika” modulu çərçivəsində mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom fizikası, nüvə fizikası, kvant fizikasına giriş və radiofizikaya giriş bölmələrini öyrənirlər. Bütün bu fənlər öyrənilərkən çoxlu laboratoriya işləri yerinə yetirilir. “Ümumi fizika” modulunun öyrənilməsi müddətində hər tələbə 70 laboratoriya işi yerinə yetirir.

“Nəzəri fizika” fənni ümumi fizikadan sonra öyrənilir. Bu modulun tərkibinə “Nəzəri mexanika”, “Elektrodinamika”, “Kvant nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” fənləri daxildir. Eyni müddətdə tələbələr öz elmi ixtisası çərçivəsində xüsusi praktikum keçir, laboratoriya işləri görürlər. Fiziklərin hazırlanmasında riyaziyyata xüsusi diqqət yetirilir. Bu fənn birinci semestrdən başlayaraq “Riyaziyyat” modulu çərçivəsində öyrənilir. “Riyaziyyat” modulunun tərkibinə “Riyazi analiz” (üç semestr ərzində öyrənilir), “Analitik həndəsə”, “Xətti cəbr”, “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi”, “Diferensial tənliklər”, “İnteqral tənliklər və variasiya hesabı”, “Ehtimal nəzəriyyəsi”, “Riyazi fizika metodları” fənləri daxildir. Fizika üzrə bakalavrların hazırlanmasında proqramlaşdırma və informatika çox mühüm yer tutur. Bu fənlər fiziki proseslərin tədqiqinin sürətlə inkişaf etməkdə olan yeni metodunun – kompüter modelləşdirilməsinin əsasını təşkil edir. Praktiki məşğələlər C, C++, MATHEMATICA və başqa kompüter proqramları üzrə keçirilir, bu məşğələlərin bir qismi isə M.V.Lomonosov adına MDU-nun super hesablama mərkəzlərində yerinə yetiriləcək.

Görüşün sonunda akademik Nərgiz Paşayeva qonaqlara MDU-nun Bakı filialına gəldiklərinə, “Atom və nüvə fizikası” tədris laboratoriyasının hazırlanması üzrə gördükləri işə görə təşəkkürünü bildirib. Qonaqlar da öz növbəsində səmimi qəbul üçün rektor Nərgiz Paşayevaya təşəkkür edib, Filiala yeni uğurlar və tərəqqi arzularını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib

Nərgiz Paşayeva "Birlik ulduzları" dövlətlərarası mükafatına layiq görülüb

Akademik Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akademik Nərgiz Paşayeva ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb

Nərgiz Paşayeva: Nizami Gəncəvinin adı Oksford Universitetində daimi qalmalıdır

Belə bir mükafata layiq görüldüyüm üçün AMEA-nın prezidentinə minnətdaram - Nərgiz Paşayeva

1905-1920-ci illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dövr olub - Nərgiz Paşayeva

Böyük Britaniyanın Lordlar Palatasının yeddi üzvü professor Nərgiz Paşayeva ilə görüşüb

Nərgiz Paşayeva Moldova Elmlər Akademiyasının diplomu ilə təltif edilib

Nərgiz Paşayeva MDU-nun Fəxri professoru diplomuna layiq görülüb

Oksford Universiteti ilə Azərbaycanın tarixinin araşdırılmasına yönəlmiş layihənin üzərində iş gedir - Nərgiz Paşayeva

Professor Nərgiz Paşayeva “İlin Rektoru” seçilib

21 Sentyabr 2018, 18:25 (GMT +4)
Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

21 Sentyabr 2018, 18:16 (GMT +4)
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

21 Sentyabr 2018, 18:12 (GMT +4)
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

21 Sentyabr 2018, 18:09 (GMT +4)
“Bakcel”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

21 Sentyabr 2018, 18:03 (GMT +4)
“Nar” tələbələr üçün təqaüd proqramı elan edib

21 Sentyabr 2018, 18:00 (GMT +4)
Azərbaycan brendi Uqanda Respublikasında tətbiq olunacaq

21 Sentyabr 2018, 17:54 (GMT +4)
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

21 Sentyabr 2018, 17:44 (GMT +4)
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropoloji mərkəz yaradılacaq

21 Sentyabr 2018, 17:33 (GMT +4)
Azərbaycanın sığorta bazarı 40% böyüyüb

21 Sentyabr 2018, 17:27 (GMT +4)
Üç milyonluq Aşura mərasiminin təhlükəsizliyi yüksək səviyyədə olub (VİDEO)

21 Sentyabr 2018, 17:21 (GMT +4)
Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

21 Sentyabr 2018, 17:15 (GMT +4)
Baş prokuror Qubada vətəndaşları qəbul edib

21 Sentyabr 2018, 17:04 (GMT +4)
BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

21 Sentyabr 2018, 16:56 (GMT +4)
Almaniya və İspaniya Səudiyyəyə silah ixracına yenidən start veriblər

21 Sentyabr 2018, 16:53 (GMT +4)
"Azərenerji" yeni struktur üzərində işləyir

21 Sentyabr 2018, 16:40 (GMT +4)
AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

21 Sentyabr 2018, 16:31 (GMT +4)
AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

21 Sentyabr 2018, 16:18 (GMT +4)
Türkiyə İdlibdəki  hərbi kontingentini artıra bilər - Türkiyə rəsmisi

21 Sentyabr 2018, 16:10 (GMT +4)
Türkiyə parlamentinin sədri Bakıda cümə namazına qatılıb

21 Sentyabr 2018, 16:04 (GMT +4)
Haçana qədər Trampın boks kisəsi olacağıq?! - MAQATE-nin sabiq sədri 

21 Sentyabr 2018, 16:03 (GMT +4)
ETSN 16 tikinti obyekti ilə bağlı tədbirlər görüb

21 Sentyabr 2018, 15:56 (GMT +4)
Nyu-Yorkda uşaq bağçasına hücum nəticəsində 6 nəfər xəsarət alıb 

21 Sentyabr 2018, 15:43 (GMT +4)
Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

21 Sentyabr 2018, 15:40 (GMT +4)
Azərbaycan Prezidenti: Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir

21 Sentyabr 2018, 15:36 (GMT +4)
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

21 Sentyabr 2018, 15:27 (GMT +4)
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2018, 15:18 (GMT +4)
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib

21 Sentyabr 2018, 15:09 (GMT +4)
Azərbaycan məktəblərinə təhsil robotları paylanılıb

21 Sentyabr 2018, 14:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb -YENİLƏNİB

21 Sentyabr 2018, 14:52 (GMT +4)
Səudiyyə 2 il öncə Tehrandakı səfirliyinə hücumu özü planlayıb – İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66