Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar görülən işlər müzakirə olunub
24 Dekabr 2017, 09:01 (GMT +4)
Bakı Biznes Mərkəzində İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının növbəti iclası baş tutdu. Mədəniyyət və turizm naziri və İSESKO üzrə Milli Komissiyanın sədri Əbülfəs Qarayevin rəhbərliyi, İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, İSESKO üzrə Milli Komissiyanın və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda İSESKO-Azərbaycan münasibətləri, İSESKO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş tədbirlər və görülmüş işlər, eyni zamanda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən bu istiqamətdə görülən işlər müzakirə olundu.
Açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri və İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Əbülfəs Qarayev son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlıq, ölkə başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 2017-ci ildə Bakı şəhərində keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, onun çərçivəsində həyata keçirilmiş layihə və tədbirlər, növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESKO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırdı və 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi barədə məlumat verdi.
|