AZƏRBAYCAN » CƏMİYYƏT
29 Yanvar 2015, 09:50 (GMT +4)

Azərbaycanda kriminal aləmin "nüfuzlu şəxsləri" həbs olunublar

Bakı, 29 yanvar, SalamNews. Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adamöldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhər sakini Etibar Baxşızadə cinayətə meylli şəxsləri ətraflarına toplamaqla qanunsuz "araşdırma"lar aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək, ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq aldıqları pulu kriminal aləmin "kassa"sına ötürüblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.

Bundan başqa, C.Baxışovdan "Makarov" tipli tapança, E.Baxşızadənin mənzilindən isə iki ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslər haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.