QAFQAZ » İDMAN
11 Mart 2015, 12:36 (GMT +4)

Ermənistan "Bakı-2015"də 6 idman növü üzrə təmsil olunacaq

Bakı, 11 mart, SalamNews. Ermənistan idmançıları "Bakı-2015" I Avropa Oyunlarında iştirak edəcəklər.

SalamNews xəbər verir ki, müvafiq qərar Ermənistan Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Ermənistan MOK-un rəhbəri Qagik Tsarukyanın sözlərinə görə, beynəlxalq və Avropa olimpiya komitələrinin ən yüksək səviyyədə təhlükəsizlik təminatı verməyinə baxmayaraq, ermənistanlı idmançıların Oyunlarda iştirakı geniş müzakirələrdən sonra mümkün olacaq: "Ətraflı müzakirələrdən sonra Ermənistan idmançılarının "Bakı-2015"ə qatılmaları qərara alınıb."

Qeyd edək ki, Azərbaycan paytaxtına altı idman növü - sambo, atıcılıq, cüdo, güləş, boks və taekvondo üzrə 30-dək ermənistanlı idmançının gəlişi gözlənilir.

Məlumat üçün bildirək ki, ilk Avropa Oyunları 12-28 iyunda keçiriləcək.