AZƏRBAYCAN » İDMAN
02 İyun 2015, 11:00 (GMT +4)

Su polosu idman növü üzrə Azərbaycan komandası 5-ci yerə çıxıb

Bakı, 2 iyun, SalamNews. Su polosu idman növü üzrə Azərbaycan milli komandası İranın Tehran şəhərində keçirilən "5th FINA World Water Polo Development Trophy" Beynəlxalq turnirində 5-ci yerə sahib olub.

Bu barədə SalamNews-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, "Tehran-2015" beynəlxalq turnirinə ümumilikdə dunyanın müxtəlif qitələrindən 10 ölkə qatılıb. Bunlar İran, Küuveyt, İndoneziya, Tunis, Azərbaycan, Malta, Uruqvay, Avstriya, Mərakeş və Qvatamela milli komandaları olub.

Azərbaycan millisi bu yarışmada Küveyt yığmasını 9-6, Mərakeş yığmasını 17-7 hesabı ilə məğlub edib, Uruqvay yığmasına 11-10, Malta yığmasına isə 13-8 hesabı ilə məğlub olduqdan sonra 5-ci yer uğrunda İndoneziya yığması ilə güclərini sınayıblar. Azərbaycan yığma komandası ağır və çətin qarşılaşmada 10-8 hesabı ilə İndoneziya yığmasını məğlub edərək beynəlxalq turnirdə 5-ci pilləni qazanıblar.

Su polosu idman növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Babayevin sözlərinə görə "Tehran-2015 World Water Polo Development Trophy" Beynəlxalq turniri FİNA-nın təqvim planına uyğun olaraq keçirilir və bu beynəlxalq turnirə çox güclü komandalar qatılır:

"Belə bir mötəbər yarışda 5-ci yer vacib bir nəticədır. Komanda olaraq Bakıda keçiriləcək I Avropa oyunları qabağı biz növbəti dəfə gücümüzü sınadıq. Təbii ki, reytinq və iştirak edəcək komandaların gücü baxımından I Avropa oyunları birinci yerdədir. Burada Avropanın ən güclüləri iştirak edəcək. Amma "Tehran-2015" də özü özlüyündə çox vacib və səviyyəli bir beynəlxalq turnir idi. Mən ümumilikdə komandamın çıxışından razı qaldım."

Məlumat üçün bildirək ki, "Tehran-2015 World Water Polo Development Trophy" Beynəlxalq turnirində İran yığması 1-ci yerə, Uruqvay yığması 2-ci yerə, Avstriya yığması 3-cü yerə, Malta yığması isə 4-cü yerə layiq görülüb.