MDB ÖLKƏLƏRİ » SİYASƏT
22 İyul 2015, 17:15 (GMT +4)

Ukrayna qərbdəki gömrük məntəqələrini Britaniya şirkətinin idarəsinə verəcək

Bakı, 22 iyul, SalamNews, C.Nəzərov. Ukrayna qərb sərhədindəki bir sıra gömrük məntəqələrini Britaniya şirkətinin idarəsinə verəcək.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin bugünük toplantısında məlumat verib: “Ötən gün Avropada gömrüklərin idarəsində əhəmiyyətli təcrübəyə malik Britaniya şirkəti ilə görüşmüşük və bu gün Ukrayna Nazirlər Kabineti bir sıra gömrük məntəqələrinin Britaniya şirkətinin idarəsinə verilməsi üzrə təxirəsalınmaz işçi qrupu yaradılması barədə qərar qəbul edir.”

Onun sözlərinə əsasən, hökumət belə gömrük məntəqələri arasında Zakarpat, Lvov, Volınsk və Çernovitski nəzərdən keçirir.

Baş nazir, həmçinin bildirib ki, bu məntəqələrdə nizam-intizam həyata keçirilməlidir: "Söhbət qaçaqmalçılıqla mübarizədən gedir.

Bundan başqa, gəlirlər də artırılmalıdır.

Gömrük məntəqələrinin idarəsinin ən qısa müddət ərzində təhvil verilməsi məsələsini nəzərdən keçiririk."