AZƏRBAYCAN » İQTİSADİYYAT
05 Avqust 2015, 12:23 (GMT +4)

Bəzi bölgələrdə əkinlərin tamamilə məhv olması nəticəsində fermerlərə maddi ziyan dəyib - KTN rəsmisi

Bakı, 5 avqust, SalamNews, R.Ziya. Bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın kəskin azalması və ya əkinlərin tamamilə məhv olması nəticəsində maddi zərər çəkmiş fermerlərin toxum təminatında ciddi problemlər yaranıb.

SalamNews xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov, “Kənd təsərrüfatı ili” çərçivəsində Azərbaycanda görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı yazdığı məqaləsində qeyd edib.

İ.Cümşüdov qeyd edib ki, rayonlardan toxum təminatı ilə bağlı çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar nazirlik tərəfindən bir sıra tədbirlər görülüb: "Bunun nəticəsində də Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2 milyon 850.0 min manat dəyərində 6.654,2 ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub".

KTN rəsmisi səpin müddətində intensiv yağıntılar nəticəsində torpaqda nəmliyin kifayət qədər olduğunu vurğulayıb: "Suvarma şəraitində becərilən sahələrin 152 min hektarı payızda suvarılıb. Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə də diqqət artırılıb. Satıcı təşkilatlar tərəfindən 2015-ci ilin məhsulu üçün payızlıq şum altına, səpinlə birlikdə verilməsi məqsədilə 14.066 nəfər istehsalçıya 120.325 hektara görə güzəştlə 18 milyon 081,9 ton mineral gübrə satılıb ki, bu da dən üçün payızlıq taxıl əkinlərinin 13,7 faizini təşkil edib. Bununla yanaşı, aqronomik baxımdan gübrələrdən istifadə tələb olunan səviyyədən xeyli aşağıdır".

Şöbə müdiri qeyd edib ki, ilk altı ayda “Aqrolizinq” ASC və digər təşkilatlar tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 45 min 736 ton müxtəlif tərkibli mineral gübrələr satılıb.