DÜNYA » SİYASƏT
12 Sentyabr 2015, 13:42 (GMT +4)

Aİ bütün qaçqınları buraxarsa, özünəməxsusluğunu itirəcək - Macarıstanın baş naziri

Bakı, 12 sentyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, qaçqınların axınının qarşısı alınmasa, Avropada xristianlar azlıqda qala bilər, Avropa İttifaqının (Aİ) özü isə özünəməxsusluğunu itirər.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə o, Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibədə bildirib.

“Avropa siyasətçiləri hazırda xəyallar dünyasındadır. Onlar gələnlərin bizim üçün hansı təhlükə kəsb etdiyini, problemin miqyasını düşünmürlər. Söhbət onmilyonlarla insandan gedir. Axın sonsuzdur - Pakistandan, Banqladeşdən, Malidən, Efiopiyadan, Nigeriyadan. Biz onların hamısını buraxsaq, o zaman Avropa həlak olacaq.

Miqrasiya nəticəsində müsəlmanlar gələcəkdə Avropada üstünlük təşkil edəcəklər. Əgər Avropa iki mədəniyyətin rəqabət aparmasına yol verərsə, o zaman xristianlar məğlub olacaqlar.

Köhnə Dünyanın mədəni özünəməxsusluğunu qoruyub saxlamaq üçün müsəlmanları Avropaya buraxmağı dayandırmaq lazımdır. Lakin bu barədə Avropa siyasətçiləri könülsüz danışırlar."

V.Orban, bundan başqa, Aİ-nin qaçqınlar üzrə reqlamentinin işləmədiyini elan edən və qaçqınları Macarıstan ərazisindən Almaniyaya buraxan Almaniya kansleri Angela Merkelin ünvanına tənqidlə çıxış edib.

Belə ki, qaydalara əsasən, qaçqınların hamısını Aİ-yə ilkin daxil olduqları ölkədə qeydiyyata almaq lazım idi.