AZƏRBAYCAN » SƏRGİLƏR
18 Sentyabr 2015, 17:16 (GMT +4)

Bakıda 21-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılıb (FOTO)

Bakı, 18 sentyabr, SalamNews, A.Kərimov. Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 21-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2015”) açılıb.

SalamNews xəbər verir ki, Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb. Nazir müavini bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycan səhiyyəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur.

Nazir müavini məlumat verib ki, bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edəcək. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirəcək.

İlk dəfə Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər. İranın əczaçılıq şirkətləri də böyük fəallıq göstərirlər. Bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir.

Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Sergey Tsib, Belarus səhiyyə nazirinin müavini Valeriy Şevçuk, Türkiyə Turizm Agentlikləri Assosiasiyasının sərgilər direktoru xanım Esra Tolqay və “İTE Group PLC” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Çıxışlarda belə bir böyük tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan-2015”) və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan-2015”) sərgiləri keçirilir. “Stomatology Azerbaijan-2015” sərgisinin iştirakçıları yeni stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materiallarını nümayiş etdirirlər.

Ümumilikdə “Beauty Azerbaijan-2015” sərgisində peşəkar kosmetika, habelə dəriyə, bədənə və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar təqdim edilir.

Hər üç sərgi öz işini sentyabrın 20-də yekunlaşdıracaq.