AZƏRBAYCAN » SİYASƏT
13 Aprel 2016, 09:28 (GMT +4)

Prezident İlham Əliyev: "Biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq"

Bakı, 13 aprel, SalamNews. "Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq - biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem."

SalamNews xəbər verir ki, bunu prezident İlham Əliyev ötən gün Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait yaradılmalıdır: "Biz bu istiqamətdə irəliləyirik.

Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaq.

Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilib.

Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq."

İlham Əliyev, həmçinin bildirib ki, kiçik qanun pozuntularına, məsələn, 2000 manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır: "Hətta devalvasiyadan əvvəl 2000 manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm."