AZƏRBAYCAN » MƏDƏNİYYƏT
18 May 2016, 10:01 (GMT +4)

Muğam Mərkəzində “İncə maraqlar” adlı sərgi təşkil olunub

Bakı, 18 may, SalamNews. Beynəlxalq Muğam Mərkəzində “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İncə maraqlar” adlı sərgi təşkil olunub.

SalamNews  xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “İstedadlı Əlillər” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib. Əvvəlcə qonaqlar sərgiyə təqdim edilən sənət əsərləri ilə tanış olublar. Sərgidə 23 müəllifin 400-dək əl işi yer alıb.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavid Qasımov çıxış edərək layihə haqqında geniş məlumat verib. Qeyd olunub ki, belə tədbirlərin təşkil olunmasında məqsəd fiziki qüsurlu insanların istedadlarını cəmiyyətə çatdırmaq, onların gələcək fəaliyyətini stimullaşdırmaq, eləcə də istedadları sayəsində maddi rifahlarını yaxşılaşdırmaqdan ibarətdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Deputat, həmçinin incəsənətin dili ilə özünüifadənin həyatın çətin anlarında belə insana rahatlıq gətirməsini, onda özünəinamı artırmasını qeyd edib.

Daha sonra əl işlərinin müəlliflərinə diplom və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.