AZƏRBAYCAN » MƏDƏNİYYƏT
23 İyun 2016, 15:37 (GMT +4)

Mədəniyyət və Turizm Nazirliyi "ASAN Radio" ilə birgə yeni layihəyə başlayıb

Bakı, 23 iyun, SalamNews. Mədəniyyət və Turizm Nazirliyi "ASAN Radio" ilə birgə yeni layihəyə start verib. Layihə çərçivəsində hər həftənin çərşənbə günü saat 19:00-dan 20:00-dək "ASAN Radio"da “Mədəni turizm” adlı veriliş efirə gedəcək.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, ilk veriliş artıq iyunun 22-də səslənib və Azərbaycanın daxili turizminə həsr olunub. Verilişdə eyni zamanda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və Səbahət Novruzova adlı dinləyici viktorinanın suallarını cavablandıraraq Qobulənd İstirahət Mərkəzinə 2 nəfərlik tam pansion hədiyyə vauçeri əldə edib.

Verilişin hazırlanmasının digər vacib xüsusiyyətlərindən biri də odur ki, istənilən dinləyici Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə veriliş vasitəsilə canlı efirdə müraciət ünvanlaya bilər. Bildiririk ki, hal-hazırda yay turizm mövsümü olduğundan turizm mövzusu daha aktualdır və yay aylarında daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna toxunulacaq.

Sentyabr ayından etibarən isə mədəniyyət və incəsənət müəssisələri tətildən qayıtdıqdan sonra verilişdə həm müxtəlif teatr, konsert, muzey və sərgi salonlarına dəvətnamələr təqdim ediləcək, həm də Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılacaq.