AZƏRBAYCAN » SİYASƏT
04 Avqust 2016, 17:33 (GMT +4)

Ərəb dünyası Azərbaycan turizmi üçün sərfəlidir - ATMU professoru

Bakı, 4 avqust, SalamNews, C.Nəcəfoğlu. "Bakı və Azərbaycanın digər şəhərlərinə ərəb turistlərin axını mədəniyyət və turizm nazirliyinin məqsədli reklamının nəticəsidir."

Bunu SalamNews-a açılamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru Bahadur Bilalov deyib. Onun sözlərinə görə, aparılan tədqiqatlar və marketinq göstərir ki, Ərəb dünyası turistlərini Azərbaycana cəlb etmək çox sərfəlidir. 

Professor bildirib ki, Mədəniyyət və Turizm nazirliyi, Azərbaycan otelləri, istirahət zonaları BƏƏ də daxil olmaqla, 20-dən çox ölkədə keçirilən səyahət sərgilərində iştirak edib.

“Dubayda keçirilən sərgidə yerli səyahət operatorları və agentlikləri ilə razılaşma imzalanıb. Ərəb turistlər üçün Azərbaycan rahat və maraqlı ölkədir. Müasir, dünyəvi dövlət, dini məhdudiyyətlərdən azad, eyni zamanda Yaxın Şərq və İrandan olan insanlara qarşı tolerantlıq regionu daha da cəlbedici edir. Əlbəttə, Türkiyə və Misirdə siyasi qarışıqlıq və terror hücumları da turistlərin ölkəyə axınında rol oynayıb. Azərbaycanın İran və ərəb ölkələrindən olan turistlər üçün marağı sübut edilib. Vurğulamaq lazımdır ki, zəngin turistlər əsasən, 4-5 ulduzlu otellərdə cəmləşib”, - deyə Bahadur Bilalov bildirib.

Onun fikrincə, bu, gələcəkdə onlarla restoran, dükan, istirahət yerlərində bir-biri ilə ünsiyyətdə olan daha çox turistin Azərbaycana axınına səbəb olacaq: “Turistlərin ölkəyə səfəri gələcəkdə Azərbaycan turizminin reklamı deməkdir. Onlar öz ölkələrində Azərbaycanda gördükləri maraqlı, rahat istirahət, təbiətin gözəlliyi, ölkəyə səyahətin üstünlükləri, alış-veriş haqqında nə qədər çox danışsa, gələcəkdə daha çox turist gələcək”.