DÜNYA » ELM VƏ TEXNOLOGİYA
25 Avqust 2016, 14:26 (GMT +4)

Yer əhalisinin sayı 2053-cü ilə qədər 10 milyard nəfərə çatacaq - alimlər

Bakı, 25 avqust, SalamNews, C.Nəzərov. 2053-cü ilə qədər planet əhalisinin sayı 10 milyarda çatacaq, bununla belə Rusiya və Ukraynada əhalinin sayı 7,9 və 9 milyon nəfər azalacaq. Yaponiyada isə bu göstərici rekord həddə - 24,7 milyon nəfərlik azalma ilə müşahidə ediləcək.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Əhalinin sayı üzrə Vaşinqton Bürosu (PRB) məlumatında deyilir.

“Bütün planet üzrə doğulanların sayında ümumi azalma olmasına baxmayaraq, Yer əhalisinin artım sürəti 10 milyardlıq həddə çatmaq üçün yüksək səviyyədə qalmaqda davam edəcək. Əlbəttə ki, müxtəlif regionlarda mənzərə bir-birindən fərqli olacaq. Məsələn, Avropa sakinlərinin sayı azalmaqda davam edəcək, Afrika əhalisinin sayı isə 2050-ci ilə qədər iki dəfə artacaq”, - deyə Büro prezidenti və direktoru Cefri Cordan bildirib.

Büronun proqnozlarına əsasən, planet əhalisinin sayı 2050-ci ilə qədər 9,9 milyard həddinə yaxınlaşacaq, 2053-cü ildə isə 10 milyardlıq həddi keçiləcək. Bu artımın böyük hissəsi Afrikanın payına düşəcək. Bu qitə əhalisinin sayı adıçəkilən müddətə qədər 2,5 milyar nəfərə çatacaq. Bununla belə, Amerika sakinlərinin sayı cəmi 223 milyon, Asiya 900 milyon nəfər çoxalacaq. Avropa sakinlərinin sayı isə təxminən 12 milyon nəfər azalacaq.

Bu artımın başlıca sosial-demoqrafik problemi adıçəkilən artımın demək olar ki, bütün hissəsi ən zəif inkişaf etmiş dövlətlərin payına düşməsidir. Büronun qiymətləndirməsinə əsasən, 2050-ci ilə qədər dünyanın 48 ən zəif inkişaf etmiş dövlətinin əhalisinin sayı iki dəfə artacaq və təxminən iki milyard nəfər təşkil edəcək. Bununla belə, bu siyahıda yer alan və demək olar, hamısı Afrikada yerləşən 29 dövlətdə əhalinin sayı iki dəfədən çox artacaq. Misal üçün Niger sakinlərinin sayı əsrin ortalarında üç dəfə artacaq.