DÜNYA » SİYASƏT
10 Oktyabr 2016, 17:45 (GMT +4)

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətləri şərh edib

Bakı, 10 oktyabr, SalamNews. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi müharibə cinayətlərini şərh edib.

SalamNews xəbər verir ki, İ.İbrahimoğlu mövzu ilə bağlı özünün "Facebook" sosial şəbəkəsindəki hesabında "Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlərlə bağlı" başlığı ilə mətbuata ünvanlanan yazısını dərc edib.

Satusda qeyd edilib: "Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlər bir neçə amildən qaynaqlanır. İlk olaraq, bu, Səudiyyənin jandarm funksiyalarından irəli gəlir. Belə ki, Qərb dövlətlərinin geo-strateji sxemlərinə uyğun olaraq, Səudiyyə rejimi İsrail rejimi ilə sinxron olaraq, Yaxın Şərq bölgəsində kolonial siyasətin davam etməsi ilə bağlı onun üçün müəyyən edilən funksiyaları yerinə yetirir. 

İkinci tərəfdən, Səudiyyə rejimi regionda öz maraqlarından çıxış edərək, nüfuz dairəsini genişləndirmək istəyir. Öncə bunu populist proqramlarla, "xeyriyyəçi" imicini dəstəkləməklə etməyə çalışırdılarsa, indi artıq maskalarını kənara atıb, yırtıcı mahiyyətlərini ortaya qoyublar.

Üçüncüsü, Səudiyyənin daxilində problemlər və qarşıdurmalar şiddətlənir və rejim, "düşmənə qarşı birləşmək" konstruksiyası əsasında problemlərin həllini təxirə salmaq istəyir.
Dördüncüsü, hakim klanın daxilində hərc-mərclik olmazın həddə çatıb və bu cür əzələ nümayişi ilə klandaxili hədə impulsları verilir.

Sözsüz ki, bu sırada təkfirçi-vəhhabi dözümsüzlüyü və müsəlmanların canına və qanına qənim kəsilməsi də xüsusi yer tutur.

Bu cinayətlərin qarşısının alınması üçün həm müsəlman dövlətlərinin, həm də ümumilikdə dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Ən ümdəsi, problemin mahiyyəti bilinməli və yayılmalıdır. Təcavüzkar qüvvələrə qarşı tətbiq edilən model, Səudiyyə rejimini durdurmaq üçün işlənməlidir.

Bunlarla yanaşı, ölən və yaralananlara görə kompensasiya, dağıntıların bərpası və bu kimi ödənişlərin də Səudiyyə rejimindən alınması, beynəlxalq birliyin həll etməli olduğu məsələlərdəndir.

Təbii ki, bütün bunlar ikili standartlardan tam imtinaya nail olunduğu təqdirdə realdır."

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya təyyarələri Yəmənin paytaxtı Səna şəhərində yas mərasimini bombalayıb. Ölkənin daxili işlər naziri Cəlal Əl-Ruveyşanın atasının dəfn mərasiminə toplaşan sakinlərin hədəfə alındığı raket hücumunda azı 200 nəfər dünyasını dəyişib, 530 nəfər isə yaralanıb.