DÜNYA » SİYASƏT
20 Oktyabr 2016, 12:24 (GMT +4)

Filippin prezidenti növbəti dəfə Obamanı təhqir edib və ABŞ-la vidalaşıb

Bakı, 20 oktyabr, SalamNews, C.Nəzərov. Filippin prezidenti Rodriqo Duterte ölkəsi üçün ABŞ-la vidalaşmaq vaxtının gəlib çatdığını bildirib. 

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, Duterte bu bəyanatı Çinə səfəri zamanı verib.

“Sizin ölkəmdə mövcudluğunuz mənfəətiniz üçün istifadə edilib. Odur ki, dostlarım, vidalaşmaq vaxtı çatıb.”. - Filippin lideri bu sözləri ABŞ-a ünvanlayıb.

O, ada dövlətinin Qərbin diktəsi ilə apardığı xarici siyasət kursundan boğaza yığıldığını və onu dəyişmək niyyətində olduğunu bildirib.

Filippin prezidenti artıq ABŞ-a getməyəcəyini söyləyib, belə ki, “orada yalnız təhqir olunacağını” hesab edir.

Siyasətçi növbəti dəfə ABŞ prezidenti Barak Obamanı təhqir edib.

Qeyd edək ki, ötən ay oxşar təhqirə cavab olaraq Obama Duterteni “parlaq oğlan” hesab etdiyini söyləyib.