DÜNYA » SİYASƏT
08 Dekabr 2016, 16:14 (GMT +4)

İbrahim Kalın Türkiyə prezidentinin hesabındakı valyutanı lirəyə çevirdiyini təsdiq edib

Bakı, 8 dekabr, SalamNews, N.Ələkbər. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın hesabındakı 200 min dolları lirəyə çevirdiyini təsdiq edib.

Bu barədə SalamNews “Haberler”ə istinadən xəbər verir.

“Yoldaşlar, prezident bu çağırışı etdiyi gün hesabındakı valyutasını Türkiyə lirəsinə çevirib. Bunun əksini düşünmək mümkün deyil. Prezidentimiz Ərdoğan belə bir kampaniyanı başladacaq və özü bunda iştirak etməyəcək, yəni insanlara "edin" dediyi bir şeyi özü etməyəcək...belə bir şey mümkün deyil. Bu kampaniyada prezidentimiz də vətəndaşlarımızla, iş adamlarımızla birlikdə Türkiyə lirəsinə, milli pulumuza sahib çıxıb.", - İ.Kalın bildirib.

Türkiyə Böyük Millət Məclisində keçirilən müzakirələrdə əsas müxalifət partiyası olan CHP-nin sədri Kemal Kılıçdaroğlu R.T.Ərdoğanın yerli "Albaraka" bankında 200 min dollarlıq hesabının olduğunu iddia edərək “bu pulu lirəyə çevirdimi, mənə çox maraqlıdır” deyib. Elə həmin gün ölkənin ədliyyə naziri Bekir Bozdağ prezidentin hesabındakı pulların lirəyə çevrildiyini bildirib və bank hesabından çıxarışı K.Kılıçdaroğluna göstərib.

CHP-li millət vəkili Özgür Özel çıxarışdan bir nüsxə istəsə də, B.Bozdağ bank sənədini verməkdən imtina edib.