AZƏRBAYCAN » CƏMİYYƏT
22 Dekabr 2016, 13:40 (GMT +4)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Bakı, 22 dekabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

SalamNews xəbər verir ki, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbulda 16 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.