AZƏRBAYCAN » AVTOİDMAN
10 Yanvar 2017, 14:11 (GMT +4)

Bakı Şəhər Halqası ilə "ASAN Radio" arasında memorandum imzalanıb (FOTOLAR)

Bakı, 10 yanvar, SalamNews, K.Orxan. Bu gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə "ASAN Radio" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

SalamNews xəbər verir ki, memorandumu BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə "ASAN Radio"nun direktoru Emin Musəvi imzalayıblar.

Nigar Arpadarai "ASAN Radio" ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib. Bildirib ki, bu gün imzalanan müqavilə Bakıda ikinci dəfə baş tutacaq "Formula-1" yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan verəcək.

Emin Musəvi də bunun çox böyük məsuliyyət olduğunu qeyd edib. Bildirib ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla ASAN Radio Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq.

Qeyd edək ki, Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq. ASAN Radio BŞH-nın keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və “Formula 1 2017 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.