AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Fevral 2017, 15:51 (GMT +4)

“Azneft” İB-nin yanvarda hasil etdiyi neft və qazın həcmi açıqlanıb

Bakı, 10 fevral, SalamNews. Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasilatını həyata keçirən SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) yanvarda 537 min 406 ton neft və 438,3 milyon kubmetr qaz hasil edib.

Birlikdən SalamNews-a bildirilib ki, “Azneft” cari ilin ilk ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olub. Bununla yanaşı, birliyin kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb.

Bu ilin yanvar ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 535 min 40 ton plana qarşı, 537 min 406 ton neft hasil edilərək plana 100,4 faiz əməl olunub. İlin ilk bir ayı ərzində qaz hasilatı planı da yerinə yetirilib və 438,3 milyon kubmetr qaz hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla start götürüb. Cari ilin yanvar ayı ərzində uğurlu qazma işləri həyata keçirilib, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında planlaşdırıldığı kimi 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 343 ton neft hasil edilib.

Ötən ayda fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 11 quyu istismara qaytarılıb. Bu quyulardan 663 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 1236 ton neft alınıb. Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 55 geoloji tədbir keçirilib. Nəticədə 4 min 401 ton neft hasil edilib ki, bu da plana qarşı 15 tədbir çox və 2871 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 3 min 47 ton plana qarşı 3 min 568 ton neft hasil edilib.