AZƏRBAYCAN » AVTOİDMAN
30 May 2017, 11:50 (GMT +4)

Bakı Şəhər Halqası ölkədə biznesin inkişafı üçün daha bir addım atıb

Bakı, 30 may, SalamNews, K.Orxan. Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD İctimai Birliyi) arasında “Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi” layihəsi çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.

SalamNews xəbər verir ki, sazişi  BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və İctimai birliyin sədri Kəmalə Məmmədova imzalayıb.

Sazişə əsasən Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək. Sazişə əsasən əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 46 şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara 20%-dək endirimli qiymətlərlə xidmətlər təklif edəcək.

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və 15 iyul 2017-ci il tarixə qədər davam edəcək.  Layihəyə qoşulan şirkətlər arasında milli, Avropa, Asiya və Türkiyə mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.

BŞH Əməliyyat Şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqət cəlb edəcək yerlərə vurmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları verəcək.