AZƏRBAYCAN » DİN
21 İyun 2017, 12:38 (GMT +4)

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

Bakı, 21 iyun, SalamNews, A.Bayramova. "Mətbuatdan xahiş edirəm ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə, qeyri-rəsmi, din adı altında fəaliyyət göstərən şəxsləri eyniləşdirməsinlər".

SalamNews xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlının sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər dini qurumların adına yazılmamalıdır: "Azərbaycanda 2246 məscid var. Bu məscidlərdən 1500-ü gündəlik fəaliyyət göstərir. 700-dən çox din xadimi məscidlərə təyinat alıb. Rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxslərin dini ayinləri icra etmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinləri həyata keçirməsi qanunsuzdur. Yerlərdə çalışan din xadimlərinə, xüsusi tapşırığı var".

Komitə sədri bildirib ki, bu tövsiyə və tapşırıq ondan ibarətdir ki, vətəndaşlar rəsmi nikaha girdikdən sonra məsciddə hər hansı bir din xadiminə müraciət edərək həmin nikahı dini qaydalarla davam etdirmək istəyirlərsə, bu o zaman baş verməlidir ki, vətəndaşların rəsmi nikaha girməsi ilə bağlı dövlət tərəfindən verilmiş sənədi olsun: “Bu sənəd olmadan hər hansı bir din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur və belə hal olduqda, əgər bu din xadimi rəsmi şəxsdirsə, o dərhal işdən azad olunur, cəzalandırılır, əgər qeyri-rəsmi din ilə məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanlar tərəfindən məsuliyyətə cəlb edilir”.

M.Qurbanlı, həmçinin din xadiminin seyid vəsiqələri paylaması ilə bağlı məsələyə münasibət bildirib: "Bəzən mətbuat araşdırır, göstərir ki, rəsmi fəaliyyət göstərən din xadimi səhvə yol verərək kiməsə sənəd verib. Bu yaxınlarda seyid vəsiqəsilə bağlı söhbətlər oldu. Bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən araşdırılıb. Həmin hərəkətə yol verən din xadimi bununla bağlı olaraq tənbeh edilib. Həmin şəxsin ağsaqqallığı, din sahəsindəki fəaliyyəti nəzərə alınaraq Qafqaz Müsəlmanları İdarəsi onu məzəmmət etdi, bir daha bu cür işlərə yol verilməməsi ilə bağlı öz işçilərinə xəbərdarlıq etdi".