AZƏRBAYCAN » MƏDƏNİYYƏT
19 Avqust 2017, 16:22 (GMT +4)

Rusiyada Müslüm Maqomayevin barelyefinin açılışı olub

Tver, 19 avqust, SalamNews, İ.Rüstəmov. Rusiyanin Tver vilayətinin Vışniy Voloçek şəhərində Müslum Maqomayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Həmçinin dahi musiqiçinin barelyefinin açılış mərasimi baş tutub.

SalamNews-un Rusiya müxbirinin verdiyi məlumata görə, musiqiçinin 75 illik yubileyinə həsr olunmuş tədbir Maqomayevin şəhərdəki ilk barelyefi önündə başlayıb.

Çıxışlarda vurğulanıb ki, bu şəhərdə Müslum Maqomayevin uşaqlıq illər keçib. Musiqiçi anası Ayşet Kinjalova ilə bu şəhərə gəlib və bir müddət mərkəzi müsiqi məktəbində Valentina Şulqinanın sinfində musiqi təhsil alıb.

Çıxış edən Vışniy Voloçek şəhərinin rəhbəri Aleksandr Borisov isə qeyd edib ki, Müslüm Maqomayevlə həm Azərbaycan, həm də Rusiya fəxr edir, çünki əvəzsiz musiqçi hər iki ölkəni öz Vətəni sayırdı. O öz yaradıcılığı, musiqisi, fəaliyyəti ilə Azərbaycan və Rusiya əlaqələrinə xidmət edib. Vurğulanıb ki, Rusiyada Müslüm Maqomayevi çox sevirlər. Bu gün bütün televiziya kanallarında onun yubileyi ilə əlaqədar verilişlər yayımlanır və o, Rusiya mədəniyyətinin bir hissəsidir.

Daha sonra Müslüm Maqomayevin barelyefi həkk olunmiş musiqi məktəbinin şagirdləri müğənninin mahnılarından ifa ediblər. Xatirə gecəsində çıxış edən musiqiçinin məktəb yoldaşları qeyd ediblər ki, Müslüm Maqomayevin səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o, hər kəsin qəlbində yaşayır və daim bu sevgi yaşayacaq.