AZƏRBAYCAN » İQTİSADİYYAT
ehali
31 Avqust 2017, 09:48 (GMT +4)

Ötən il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb

Bakı, 31 avqust, SalamNews. Ötən il daimi yaşamaq üçün Azərbaycana 3233 nəfər gəlib. Bu da 2015-ci illə müqayisədə 584 nəfər çoxdur. İmmiqrantların sayına görə MDB ölkələri (1493 nəfər) fərqlənir.

Ölkəmizə yaşamaq üçün ən az immiqrant Yunanıstandan gəlib: 1 nəfər.

SalamNews Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” rəsmi nəşrinə istinadla xəbər verir ki, 2016-cı ildə immiqrantlardan 1402 nəfəri kişi, 1831 nəfəri isə qadın olub.

Azərbaycana daimi yaşamaq üçün gələnlərin əsas hissəsini 30-34 yaşlı adamlar təşkil edib. Gələnlər arasında azlıq isə 4 yaşadək uşaqlara aiddir: 15 nəfər. Ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub.

Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı 1711 nəfər olub. Bu rəqəm 2015-ci illə müqayisədə 154 nəfər çoxdur. Burada da üstünlük MDB ölkələrinə məxsusdur: 1474 nəfər. Azərbaycandan gedən emiqrantların sayına görə isə Latviya və Estoniya sonuncudur (2 nəfər).

Ötən il ölkədən gedənlərin 818 nəfəri kişi, 893 nəfərini isə qadın olub. Daimi yaşamaq üçün Azərbaycanı tərk edənlər arasında üstünlük 20-24 yaşlılara (364 nəfər) aid olub. Səksən və yuxarı yaşlı sakinlərdən isə bir nəfər başqa ölkəyə gedib.

Ötən il ölkəni tərk edənlərdən 1577 nəfəri əmək qabiliyyətli şəxslər olub.