DÜNYA » SİYASƏT
31 Oktyabr 2017, 15:56 (GMT +4)

Kataloniya hökumətinin saytları fəaliyyət göstərmir

Bakı, 31 oktyabr, SalamNews.  Kataloniya hökumətinin, həmçinin onun başçısının və vitse-prezidentin saytlarının fəaliyyəti dayanıb.

SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, govern.cat, president.cat və vicepresident.cat saytlarına giriş zamanı brauzer “serverin aşkar olunmadığını” və səhvin baş verdiyini göstərir.

Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir.

Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.

İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.