AZƏRBAYCAN » CƏMİYYƏT
09 Noyabr 2017, 10:18 (GMT +4)

Ağsuda Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Bakı, 9 noyabr, SalamNews"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, aksiya çərçivəsində 400-dən çox vətəndaş müraciəti qeydə alınıb. Tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.