AZƏRBAYCAN » İQTİSADİYYAT
13 Dekabr 2017, 11:18 (GMT +4)

Vüsal Qasımlı “Bir kəmər - bir yol” təşəbbüsü ilə bağlı müzakirələrə qatılıb

Bakı, 13 dekabr, SalamNewsİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Qazaxıstanın Almatı şəhərində "Bir kəmər - bir yol" təşəbbüsünün Mərkəzi Asiya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi" adlı seminarda iştirak edib.

İİTKM-dən SalamNews-a bildiriblər ki, tədbirdə əsas müzakirə mövzusu "Bir kəmər - bir yol" təşəbbüsünün Mərkəzi Asiya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi, həmçinin BMT-nin davamlı layihələrinin həyata keçirilməsi olub. Seminarda investisiya qoyuluşu, ticarətin genişləndirilməsi və bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Vüsal Qasımlı "Böyük İpək Yolu"nun rəqəmsallaşdırılması mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada 2-ci belə qovşaq olmaqla "Böyük İpək Yolu"nun rəqəmsallaşmasına töhfə verə bilər. V.Qasımlı "Böyük İpək Yolu" üzrə elektron imzaların qarşılıqlı tanınması istiqamətində təşəbbüs irəli sürüb və bu təklif seminar iştirakçıları tərəfindən müsbət qarşılanıb. Eyni zamanda, "Böyük İpək Yolu" üzrə elektron ticarətin, elektron kommersiyanın, elektron bankçılığın inkişafı məsələlərinə də toxunan icraçı direktor vurğulayıb ki, Azərbaycan "Böyük İpək Yolu"nun rəqəmsallaşdırılması ilə bağlı öz Rəqəmsal Ticarət Qovşağı vasitəsilə böyük işlər görüb. Hazırda bu istiqamətdə müəyyən layihələrin və təşəbbüslərin icrası davam edir.

Vüsal Qasımlı seminarda "Bir kəmər - bir yol" layihəsi üzrə işçi qrupların yaradılması mövzusunda sessiyaya rəhbərlik edib. Sessiya zamanı BMT ekspertlərinin də məruzələri dinlənilib.

Qeyd edək ki, seminarda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan 60-dək nümayəndə iştirak edib.