AZƏRBAYCAN » CƏMİYYƏT
26 Dekabr 2017, 11:51 (GMT +4)

ASAN Radionun 2 yaşı münasibəti ilə konsert proqramı keçirilib

Bakı, 26 dekabr, SalamNews. ASAN Radionun 2 yaşı münasibəti ilə “Nargis Fund”un təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı baş tutub.

ASAN Radiodan SalamNews-a verilən məlumata görə, konsertdən öncə şəhər sakinlərinə və qonaqlara “ASAN xidmət” və ASAN Radionun fəaliyyəti barədə məlumatlar çatdırılıb. Video-audio təqdimatlar edilib.

Fəvvarələr meydanında böyük coşqu yaşanıb. Konsertdə East or West, Sevda Yəhyayeva, Təranə Mahmudova, Samira, Samirə Əfəndi, Əhməd Mustafayev, Elçin Cəfərov, Nura Suri, Murad Arif, Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Tünzalə Ağayeva, Tofiq Hacıyev və XXL qrupunun ifaları səsləndirilib. ASAN Radionun dj-ləri Dj Bazaur və Dj Spider super musiqilərlə Fəvvarələr meydanına toplaşanları coşdurublar.

Konsertdə minlərlə insan iştirak edib. Rəqs edib, əyləniblər. Həmçinin müsabiqələr keçirilib. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.