AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Mart 2018, 15:44 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu “Elektron hökumət” portalına inteqrasiya edilib

Bakı, 10 mart, SalamNews. Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ADIF) təqdim etdiyi “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.

SalamNews xəbər verir ki, əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti portal üzərindən əldə edə biləcəklər. Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrindən birini istifadə etməklə portaldan qeydiyyatdan keçmək lazımdır. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edib, əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

Qeyd edək ki, hazırda depozit məlumatlarını dəqiqləşdirmək üçün müştərilər yalnız “Dəmir bank” üzrə fonda müraciət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb, həmin il avqustun 12-də isə fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.