AZƏRBAYCAN » İQTİSADİYYAT
29 İyun 2018, 14:38 (GMT +4)

ADY: Bakı-Sumqayıt-Bakı marşrutunda sərnişin sıxlığı iki dəfə artıb

Bakı, 29 iyun, SalamNews. Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar yolda uzun tıxac yarandığından, bu istiqamətdə hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) SalamNews-a verilən məlumata görə, sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakıdan 18-30-da, Sumqayıtdan isə saat 08-00-da yola düşən elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Qeyd edək ki, adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları ilə 5 min sərnişin daşınırdısa, 28 iyunda sərnişin sayı 10 min 836 nəfərə çatıb.