AZƏRBAYCAN » CƏMİYYƏT
18 İyul 2018, 16:55 (GMT +4)

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

Bakı, 18 iyul, SalamNews. Qırğız Respublikasının Bişkek şəhərində Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə 3-cü Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Beyin Mərkəzlərinin Forumu keçirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) SalamNews-a verilən məlumata görə, forumda Azərbaycanı qurumun departament rəhbəri Ayaz Çaparlı təmsil edir. 

“İpək Yolu boyu bilik dəhlizlərinin yaradılması” mövzusu çərçivəsində təşkil olunmuş tədbirdə əsasən regional ticarət, turizm, əmək mübadiləsi kimi sahələr üzrə əməkdaşlıq, bilik dəhlizlərinin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılır.

“İpək Yolu boyunca Bilik Dəhlizinin Yaradılması” adlı forumda Böyük Britaniya, Yaponiya, Çin, Türkiyə, Gürcüstan kimi ondan artıq ölkənin nümayəndələri iştirak edir.

A.Çaparlı iki günlük müzakirə zamanı Azərbaycan aparılan iqtisadi islahatlar, beyin mərkəzləri ilə beynəlxalq müstəvidə əməkdaşlıq və digər məsələlər barədə Forum iştirakçılarına məlumat verəcək.

Qeyd edək ki, regionun üzləşdiyi əsas siyasət məsələlərini müzakirə etmək məqsədilə universitetlər, elmi-tədqiqat mərkəzləri, hökumət və biznes sektoruna dialoq imkanları yaratmaq üçün sub-regional elmi- tədqiqat inkişaf forumu ənənəvi olaraqtəşkil olunur.