AZƏRBAYCAN » CƏMİYYƏT
13 Avqust 2018, 14:58 (GMT +4)

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Litvanın Vilnüs şəhərində təlim səfərində olublar

Bakı, 13 avqust, SalamNewsAzərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” AZ/15/ENP/OT/40 Tvinninq layihəsi çərçivəsində “Yeni vəzifə təsnifatı sisteminə əsaslanaraq dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi” sahəsində təcrübənin öyrənilməsi ilə əlaqədar 2018-ci ilin 5-9 avqust tarixlərində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilib.

Dövlət İmtahan Mərkəzinin Təşkilat şöbəsinin müdiri Azər Bağırov və Mərkəzin regional bölmələrinin müdirlərinin iştirak etdiyi səfər zamanı DİM əməkdaşları Litvanın: 

  • Dövlət qulluğuna qəbul sistemi;
  • Dövlət qulluğuna qəbulda müsabiqələrin idarə edilməsinə yardım edən xüsusi alətlər və sistemlər, əsasən də Dövlət Qulluqçularının Reyestri və Dövlət Qulluğu Məlumat Sistemləri;
  • Dövlət qulluğuna qəbul prosesi;
  • Dövlət Xidmətləri Məlumat Sistemi;
  • Dövlət qulluğunda kompetensiya modeli və onun qəbul sistemi ilə əlaqəsi mövzusunda təlim keçib, ətraflı məlumat toplayıb, bu sahədə qabaqcıl təcrübə və nümunələrlə tanış olublar.

SalamNews xəbər verir ki, Litvanın Dövlət Qulluğu Departamentində keçirilən təlim zamanı Hüquq və Monitorinq şöbəsinin müdiri xanım İnga Sirutaviče Dövlət Qulluğu Departamentinin işi, Departamentin Seçim şöbəsinin müdiri cənab Arvydas Kazlauskas dövlət qulluğuna qəbul sistemi və qəbul texnikaları, Reyestr və məlumat sistemləri şöbəsinin rəhbəri cənab Paulius Striška dövlət qulluğuna qəbulda informasiya texnologiyaları sistemi, qurumun digər əməkdaşı xanım Reda Rekašienė Litvada dövlət qulluğu və dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin əsas cəhətləri haqqında ətraflı məlumat veriblər.

Litva Daxili İşlər Nazirliyində keçirilən görüş zamanı nazirliyin İnsan Resursları Departamentinin Siyasət sektorunun müdiri cənab Adrianas Mečkovskis 2019-cu ildən Litvada tətbiq ediləcək yeni mərkəzləşdirilmiş dövlət qulluğuna qəbul sistemi ilə bağlı treninq nümayəndələrini məlumatlandırıb.

Təlim səfəri Avropa İttifaqı üzvü olan Litvanın yeni vəzifə təsnifatı sisteminə əsaslanan dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı ətraflı məlumat toplamaq imkanı verib. Əldə olunan biliklər Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün Tvinninq layihəsində istifadə ediləcəkdir.