AZƏRBAYCAN » CƏMİYYƏT
03 Noyabr 2018, 15:23 (GMT +4)

Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib

Bakı, 3 noyabr, SalamNews. Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 3-də ağacəkmə kampaniyası keçirilib.

SalamNews xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyalarına fəal qoşularaq ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə nazirliyin Penitensiar Xidmətinin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin ətraf ərazilərində ağacəkmə aksiyası və genişmiqyaslı abadlıq işləri təşkil edilib.

Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmət rəhbərliyinin və məsul şəxslərinin, ədliyyə işçilərinin iştirak etdikləri aksiyada altı hektar ərazidə üç mindən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

Yubiley ərəfəsində, həmçinin paytaxtın Binəqədi, eləcə də Zaqatala rayonlarında inşası başa çatmış yeni məhkəmə binalarının ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Digər bölgələrdə də regional ədliyyə idarələri və məhkəmələr tərəfindən ağacəkmə kampaniyaları təşkil edilib.