AZƏRBAYCAN » CƏMİYYƏT
08 Dekabr 2018, 16:10 (GMT +4)

Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilib

Bakı, 8 dekabr, SalamNews, K.Orxan. Bu gün Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilir.

SalamNews-un məlumatına görə, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan Shop.az-ın birgə təşkilatçılığı ilə baş tutub.

“E-Commerce 1.0”da İNNOLAND-ın rəhbəri Məmməd Kərimov çıxış edib. O bildirib ki, tədbirdə Türkiyədən və Rusiyadan nümayəndələr qatılıb: “Azərbaycanda elektron ticarətlə bağlı perspektivləri, bu növ ticarətin ümumi iqtisadiyyata təsirini tədqiq edəcəyik. “E-Commerce 1.0”ın məqsədi ənənəvi ticarətlə məşğul olanları həm də elektron ticarətə cəlb etməkdir. Bu, biznes üçün əlavə gəlirlər və xərclərə qənaət deməkdir”.

Məlumat verilib ki, tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentliklərini, çatdırılma şirkətlərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf  üçün konstruktiv həll yolları təqdim etməkdir

Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş Hepsiburada.com, Alibaba.com kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, İNNOLAND hər il, təxminən, 10 startap layihəsini dəstəkləyir. Layihələrə dəstək həm texniki, həm hüquqi, həmçinin marketinq xidmətləri formasından verilir.