DÜNYA » SİYASƏT
12 Fevral 2019, 11:44 (GMT +4)

İran Səudiyyə ilə müzakirə masasına oturmağa hazır olduğunu bildirib

Bakı, 12 fevral, SalamNews, B.Samid. “Regionda sayı az olan bir neçə ölkə ilə əlaqələrimiz yaxşı deyil. Müqəssir biz deyilik və əlaqələri də biz dayandırmamışıq. İxtilaflarımızı həll etmək üçün müzakirə masasına oturmağa hazırıq.”

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

İranın xarici siyasətinin son proseslərini açıqlayan B.Qasimi regionda olan bir neçə ölkə ilə istənilən əlaqələrin olmamasını xatırladıb və bu əlaqələrin normallaşdırılması üçün rəsmi Tehranın müzakirə masasına oturmağa hazır olduğunu deyib.

Qeyd edək ki, 2015-ci ildə həcc mərasimində yerli qüvvələrin səhlənkarlığı səbəbindən 450 iranlı hacının həlak olması, Səudiyyə vətəndaşı şiə din alimi Nimr Baqir ən-Nimrin ər-Riyadda edam edilməsi, ardından Tehranda Səudiyyə səfirliyinə edilən hücum rəsmi ər-Riyadın İranla diplomatik əlaqələri dayandırması ilə nəticələnib. Bundan savayı Səudiyyə Ərəbistanın Yəmənə hərbi müdaxiləsi, Suriya, İraq, Livan məsələlərində iki ölkənin maraqlarının toqquşması onların əlaqələrini daha da gərginləşdirib.

Bundan savayı Səudiyyə Ərəbistanın İrana qarşı sanksiyaları ikiəlli dəstəkləməsi Tehranla əlaqələri gərginləşdirən digər amildir.