AZƏRBAYCAN » AVTOİDMAN
04 Mart 2019, 15:00 (GMT +4)

Nigar Arpadarai: Formula 1 bizim üçün heç vaxt imic yarışı olmayıb

Bakı, 4 mart, SalamNews. K.Orxan. "Azərbaycanda keçirilən "Formula 1" bizim üçün heç vaxt imic yarışı olmayıb. Formula 1 idman yarışı olmaqla yanaşı həm də iqtisadi bir yarışdır".

SalamNews xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai məlumat verib.

O bildirib ki, Formula 1 yarışı Azərbaycanda keçirtməkdə əsas məqsəd ölkəyə iqtisadi faydanı gətirməkdir.

N.Arpadarai əlavə edib ki, 2018 Formula 1 Azərbaycan Qran Prisinin TV auditoriyasının ümumi həcmi 82.3 milyon təşkil edib. Qran Priyə qlobal səviyyədə baxış 102 faizə qədər artıb. Rəqəmsal platformada ortalama göstərici 3.3 milyon unikal istifadəçi olduğu halda Azərbaycan Qran Prisini 4.4 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Nigar Arpadarai həmçinin bildirib ki, BŞH əsas missiyası Formula 1 platformasından istifadə edərək Bakı və ümumilikdə Azərbaycanda inkişaf yönümlü dəyişikliklər etməkdir. Bununla yanaşı Azərbaycanı müasır və beynəlxalq səviyyəli tədbirlər, turizm və biznesə açıq bir ölkə kimitəmsil etməkdir.