AZƏRBAYCAN » AVTOİDMAN
07 Mart 2019, 17:47 (GMT +4)

BŞH: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb

Bakı, 7 mart, SalamNews.  Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb.

Bu barədə SalamNews-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Qurumun Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ümumilikdə biletlərin böyük hissəsinin satıldığını bildirib: “İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərdəki ilə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb. Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə 25 faiz ucuza təklif olunur. Biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now) və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə etmək olar.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26 - 28 apreldə olacaq.