AZƏRBAYCAN » CƏMİYYƏT
02 Aprel 2019, 16:25 (GMT +4)

AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələri sevindirib

Bakı, 2 aprel, SalamNews. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova həm bakalavr, həm magistr səviyyəsində 2018-2019-cu tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. 

AzMİU-dan SalamNews-a verilən məlumata görə, rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında qeyd edib ki, əlaçı tələbələrə Fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək.

Eyni zamanda rektor qeyd edib ki, əlaçı tələbələrin hər birinə 150 manat, zərbəçilərə isə 100 manat məbləğində pul mükafatları veriləcək.

Təbriklərdən sonra Fəxri Fərman və diplomların verilməsi mərasimi başlayıb. Rektor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, fakültə dekanları və Magistratura Mərkəzinin rəhbəri əlaçı və zərbəçi tələbələri təbrik edib, mükafatlarını veriblər. Məlumat üçün qeyd edək ki, payız semestrində AzMİU-nun bakalavr və magistr səviyyəsi üzrə əlaçı tələbələrinin sayı 30, zərbəçilərin sayı 25 olub.