AZƏRBAYCAN » İDMAN
06 Aprel 2019, 16:32 (GMT +4)

Şəmkirdəki superturnirin iştirakçıları uşaqlar üçün seans keçiriblər

Bakı, 6 aprel, SalamNews.Tanınmış şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində iştirak edən dünyanın güclü şahmatçıları uşaqlar üçün seans keçiriblər.

SalamNews xəbər verir ki, seans Vüqar Həşimov memorialının keçirildiyi Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirdə dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçıları Sergey Karyakin, Aleksandr Qrişuk, təmsilçimiz Teymur Rəcəbov, eləcə də hollandiyalı Aniş Giri, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov ümumilikdə 40 lövhədə uşaqlarla şahmat oynayıblar.

Seansın ən maraqlı anlarından biri də mərhum şahmatçı, qrossmeyster Vüqar Həşimovun davamçısı, bacısı oğlu, üçüncü dərəcəli şahmatçı 7 yaşlı Xanlar Allahverdiyevin dünya çempionu Maqnus Karlsen ilə qarşılaşması olub.

Böyük maraqla izlənilən seansın sonunda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdiriblər.