AZƏRBAYCAN » İQTİSADİYYAT
24 Aprel 2019, 16:07 (GMT +4)

KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

Bakı, 24 aprel, SalamNews. Bakıda keçirilən “Falcons Summit” tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGIA) rəhbərlik etdiyi dövlət və özəl sektornümayəndələri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGIA-nın Beynəlxalq əməkdaşlıq və müqavilələr idarəsinin baş direktoru Bader Məhəmməd Almufqai arasında keçirilmiş görüşdə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı”nda nəzərdə tutulmuş əməkdaşlıq istiqamətləri və bu sahədə görüləcək tədbirlər müzakirə edilib.

Qeyd edək ki, 4 mart 2019-cu il tarixində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində KOBİA və SAGIA arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb.

KOBİA-nın təşkilatçılığı ilə həmçinin, Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin bir sıra qurumlarda görüşlərinin keçirilməsi nəzərdə tutulur.