AZƏRBAYCAN » MƏDƏNİYYƏT
02 May 2019, 12:23 (GMT +4)

“İçərişəhər” DTMQİ və IRCICA arasında rəsmi memorandum imzalanıb

Bakı, 2 may, SalamNews, K.Orxan. Ölkəmizin tarixi və mədəni dəyərlərinin qorunması və beynəlxalq arenada təbliğ edilməsinə xüsusi əhəmiyyət verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə dünyanın ən qabaqcıl təşkilatları ilə əməkdaşlıq edir. Onların arasında 1980-ci ildən fəaliyyətə başlayan və qısa zaman kəsiyində region ölkələrinin rəğbətini qazanan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi də (IRCICA) var. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan Mərkəz hal-hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.

Belə bir mötəbər qurumla əməkdaşlıq “İçərişəhər” DTMQİ üçün Azərbaycanın zəngin keçmişini və maddi mədəniyyətini geniş miqyasda təqdim etmək baxımından olduqca uğurlu addım kimi qiymətləndirilə bilər.

SalamNews xəbər verir ki, bu məqsədlə hələ ötən il 26 noyabr tarixində İstanbul şəhərində “İçərişəhər” DTMQİ və IRCICA arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Bu razılaşmanın davamı olaraq əlaqələri daha da gücləndirmək, qarşıda duran vəzifələri aydınlaşdırmaq üçün bu gün İçərişəhərdə yerləşən “Muğam klub” adlı məkanda hər iki qurum arasında mədəni, tarixi sferalarda münasibətləri gücləndirəcək memorandum imzalanıb.

Memorandumu "İçərişəhər" DTMQİ tərəfindən İdarə heyətinin sədri Əsgər Ələkbərov, digər tərəfdən isə "IRCICA" prezidenti Halit Eren imzalayıblar.

Qeyd edək ki, ölkə başçısı tərəfindən 2019-cu ilin dahi şair və mütəfəkkir İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə “Nəsimi ili” elan olunması ilə bağlı olaraq hər iki təşkilat İslam ölkələri arasında əlaqələrin daha da genişlənməsi, mütəmadi olaraq tədbirlərin, festivalların keçirilməsində olduqca maraqlıdır.