AZƏRBAYCAN » CƏMİYYƏT
09 May 2019, 11:07 (GMT +4)

Talassemiya gününə həsr olunmuş video çarx təqdim edilib (VİDEO)

Bakı, 9 may, SalamNews. Hər il 8 may günü talassemiya problemi olan ölkələrdə talassemiya pasiyentlərinin bayram günü olaraq qeyd olunur. Bu il Beynəlxalq Talassemiya Federasiyası (TİF) tərəfindən “Talassemiya üzrə keyfiyyətli tibbi xidmətlərinə universal çıxış imkanı: Pasiyentlər ilə onlar üçün körpülərin qurulması`` şüarı altında görüş və aksiyalar keçirilir.

Bu barədə SalamNews-a Azərbaycan Talassemiya Federasiyası İB-nin sədr müavini, təsisçi Gülgün Gündüz məlumat verib.

Onun sözlərinə görə, hər bir talassemiya pasiyentinin həyatda olması, keyfiyyətli yaşaması, bir sözlə, fəaliyyət göstərərək cəmiyyətdə mövcud olması donor qanından asılıdır. Talassemiya probleminin həllində qırmızı qan hüceyrələri olan eritrositlər əsas rol oynayır. Bu səbəbdən qan donorlarına ehtiyac duyulur. Bir pasiyent iki donor qanı deməkdir. Bu səbəbdən Azərbaycan Talassemiya Federasiyası İB-nin fəaliyyətinin prioritet sahəsi qan donorluq mədəniyyətini, xüsusilə də ölkədə korporativ qan donorluğunu geniş şəkildə təbliğ etməkdən ibarətdir. Kütləvi qanyığma aksiyalarında toplanan qan kütləsi təmənnasız şəkildə birbaşa talassemiya pasiyentlərinə verilir.

Öncəki illərlə müqayisədə qan vermək istəyən insanların sayı hər il artmaq üzrədir. Bu da o deməkdir ki,  Azərbaycan Talassemiya Federasiyası İB-i tərəfindən təşkil olunan qanvermə aksiyalar zamanı insanlar bizə güvənir. Əlbəttə ki, bütün bu işlərin həyata keçirilməsində önəmli və əvəzsiz rol ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin vitse-prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya məxsusdur. 2005-ci ildə “Talassemiyasız Həyat Naminə” adlı dəyirmi masanın keçirilməsi nəticəsində talassemiya sahəsində böyük dəyişikliklər baş vermişdir. Və bu gün talassemiya probleminin həllində böyük dəstəyi olan Mehriban xanıma, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun əməkdaşlarına, Azərbaycan Talassemiya Federasiyası İB-nin daim əməyi olan könüllülərinə, Talassemiya Mərkəzinin həkim heyətinə və Mərkəzi Qan Bankının tibb personalına dərin minnətdarlığımızı bildiririk. Xüsusi və insani təşəkkür fədakar və xeyirxah qan donorlarına bildirilir. 

"Qan verməyin nə qədər vacib olduğunu bir daha vurğulayaraq insanları qan verməyə cəlb etmək üçün 8 may Beynəlxalq Talassemiya Gününə həsr olunmuş video çarx təqdim olunur. Video çarxın hazırlanmasında dəstək olan rejissor Orxan Cahangirə xüsusi təşəkkürümüzü bildiririk", deyə Gülgün Gündüz bildirib.