AZƏRBAYCAN » SİYASƏT
11 May 2019, 13:35 (GMT +4)

İlham Əliyev: Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir

Bakı, 11 may, SalamNews. "Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı".

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

Ölkə başçısı bildirib ki, bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar.

İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir.