AZƏRBAYCAN » İQTİSADİYYAT
30 May 2019, 10:52 (GMT +4)

Pərviz Şahbazov: TANAP-la Türkiyəyə 1,8 milyard kubmetr təbii qaz göndərilib

Bakı, 30 may, SalamNewsTürkiyə bu vaxtadək TANAP-la 1,8 milyard kubmetr Azərbaycan təbii qazı alıb.

SalamNews xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verildiyini, qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başladığı xatırladan nazir deyib ki, indiyədək TANAP boru kəməri ilə Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib.

Qeyd edək ki, boru kəmərinin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.